Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində ötən 18 ildə Azərbaycan bütün sahələrdə mühüm tarixi nailiyyətlər, parlaq qələbələr qazanıb.
Milli iqtisadiyyat dünyada rekord səviyyədə - 3 dəfədən çox artmaqla, sahibkarlığın, regionların tərəqqisi şəraitində qeyri-neft sektorunda davamlı artıma, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına, etibarlı tərəfdaş və islahatçı ölkə kimi tanınmasına nail olunub.
Xüsusilə 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm Zəfər əldə etməsi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir.
Vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır. “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” deyə bəyan edən Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi və əhəmiyyətli dərəcədə genişlənməsi, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan verib. Buna misal olaraq, 2021-ci ildə isə 3 il əvvələ nisbətən 5 dəfə genişlənib. Bu il də 3 min mənzil verilir. Beləliklə, artıq 12 min mənzil/fərdi ev verilib. Həmçinin müharibə əlillərinə indiyədək 7400-dək avtomobil verilib.
Yalnız son üç ildə minimum pensiya iki dəfəyə yaxın, orta aylıq pensiya 60%, təqaüdlər 4 dəfədən çox, ümumən sosial ödənişlər üzrə xərclər 2,4 milyard manat və ya 60% artıb.
Xüsusilə də dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamlarla bir sıra yeni sosial təminat növləri (müharibə veteranlarına, I dərəcə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə, Vətən müharibəsi qəhrəmanlarına və b. Prezidentin aylıq təqaüdləri) təsis edilib. Habelə sosial təminat sistemində humanist yanaşmalara əsaslanan islahatlar aparılıb. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verilib.
2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan bir çox yaşlı şəxslərin vaxtından daha erkən dövrdə yaşa görə müavinət sistemindən faydalanmasına imkan yaradılıb. Bunlardan əlavə, sağlamlıq imkanları məhdud uşaqlar arasında ailə başçısını itirmiş uşaqlara dövlətin daha bir humanist yanaşması kimi, 2020-ci ilin əvvəlindən həmin uşaqlara ailə başçısını itirməyə görə müavinəti və ya ailə başçısını itirməyə görə pensiyanı sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ala bilmək hüququ verilib.
Qeyd olunanlar sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə səbəb olub. Sosial təminat növləri üzrə ödəniş alanların sayı 2018-2021-ci illərdə 160 min nəfər artaraq 2,56 milyona çatıb.
“Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik” deyə bildirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə hələ 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən, onların sosial ödənişlərdə - əməkhaqları, pensiya müavinət, təqaüdlərdə orta hesabla 100%, bəzi istiqamətlər üzrə 2 dəfədən çox artımları təmin edən, dövlət büdcəsindən illik əlavə 3 milyard manat vəsaitin ayrılmasını nəzərdə tutan inqilabi sosial islahatlar reallaşdırıldı.
Dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı həmin sosial islahatların uğurla davam etdirilməsinə imkan yaratdı. Bu əsasda Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar ölkəmizdə sosial ödənişlərin artırılması istiqamətində islahatların növbəti mərhələsinə keçidi təmin etdi. Yeni artımlar 2,1 milyondan çox şəxsi əhatə edərək onların rifahına ciddi dəstəyi təmin edir. Bunun üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub.
Beləliklə, 2018-2022-ci illəri götürdükdə, minimum aylıq əməkhaqqı təkcə bu son 4 ildə 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 37% artıb və gələn il daha da artacaq. Median əməkhaqqı 74% artaraq 360 manata çatıb. Əmək müqavilələrinin sayı 30% və ya 400 minə yaxın, əməkhaqqı fondu iki dəfəyə yaxın artıb.
2018-2022-ci illər əlilliyə görə müavinətlər də I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Sağlamlıq imkanları məhdud uşaqlara sosial ödəniş 3,4 dəfə artaraq 2019-cu ildəki 82 manatdan 280 manata çatıb.
Bu günlərdə tətbiq olunan minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdırır. Bununla yanaşı, gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək.
Həmçinin minimum əməkhaqqı artımı ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsini təmin edir. Həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41% səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyiş əldə edilir.
Dövlət başçısının sosial sahəyə qayğısı nəticəsində, eyni zamanda son 3 ildə 12 reabilitasiya və sosial xidmət müəssiəsi yenidən qurularaq istifadəyə verilib, yeni reabilitasiya və sosial xidmət müəssisələri açılıb.
Ümumilikdə sosial müdafiə sisteminin bütün istiqamətləri üzrə inkişaf dinamikası mövcuddur. Bütün bunlar ölkəmizdə güclü sosial siyasəti, sosial inkişafın da davamlı xarakter aldığını göstərir.
Beləliklə, Prezident İlham Əliyevin sosial sahəyə böyük qayğısı ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib və qarşıdakı dövrdə bu uğurların sırası daha da genişlənəcək.