Türkiyənin Sivas şəhərinin valisi Yılmaz Şimşek və Sivas bələdiyyə başqanı Hilmi Bilgin Vətən müharibəsi şəhidi mayor İlkin Əhədzadənin qardaş ölkədə səfərdə olan ailə üzvləri (şəhidin valideynləri, həyat yoldaşı və 3 övladı) ilə görüşüblər.
Səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin “Qardaş ailə” adlı ortaq layihəsi çərçivəsində təşkil olunub.
Görüşlərdə şəhid İlkin Əhədzadənin şərəfli döyüş yolundan bəhs olunub. Onun və Vətən naminə döyüşlərdə şəhid olan bütün igidlərimizin daim ürəklərdə yaşayacağı vurğulanıb.
Y.Şimşek şəhidin övladlarının Sivas Universitetində təhsil almaları üçün dəstək göstərməyə hazır olduqlarını bildirib.
Şəhidin ailə üzvləri şəhərin tarixi abidələri və muzeyləri ilə tanış edilib.