Azərbaycan Hökuməti tərəfindən Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunmuş daha 5 nəfər (2 qadın, 3 uşaq) vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.
Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaq. Hər bir repatriantın cəmiyyətə reinteqrasiyası məqsədilə müvafiq dəstək tədbirləri davam etdiriləcək.
Son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 49 repatriantla sosial reabilitasiya işi davam etdirilir.