Onların hər biri Paralimpiya Oyunlarının qalibidir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə 4 paralimpiyaçımız - Astanov Elvin Əmrah oğlu, Qasımov Ramil Famil oğlu, Məmmədov Pərvin Rasim oğlu və Musayev Oloxan İsayeviç “Tərəqqi” medalı ilə təltif ediliblər.
Onlar Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğurlar qazanan, Azərbaycanı yüksək səviyyədə təmsil edərək parlaq qələbələrə imza atan idmançılardır.
Paraatletikanın nüvə itələmə növündə peşəkar idmançı olan Elvin Astanov ötən dövrdə bir çox idman nailiyyətləri ilıə seçilib. O, Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi və Avropa çempionudur.
Paracüdo növündə dəfələrlə əzmkar mübarizəsi ilə uğur əldə edən Ramil Qasımov Rio-2016 Yay Paralimpiya Oyunlarının qalibi, dünya çempionu və ikiqat Avropa çempionudur.
Pərvin Məmmədov parapauerliftinq üzrə Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc medalçısı, Avropa çempionudur. O bu idman növü üzrə Paralimpiya Oyunlarında medal qazanan ilk və hələlik yeganə azərbaycanlı paralimpiyaçıdır.
Oloxan Musayev isə paraatletikanın nüvə itələmə növü üzrə Pekin-2008 Yay Paralimpiya Oyunlarının qalibi və Avropa çempionudur.
Paralimpyaçılarımızla qürur duyur və dövlətimizin başçısı tərəfindən təltif edilmələri münasibətilə təbrik edərək, onlara yeni-yeni uğurlar, qələbələr arzulayırıq.