Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci il tarixində qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi bərabərlik hüququnu təsbit edir, cinsindən asılı olmayaraq hüquq və azadlıqların bərabərliyini təmin edir və cins əsasında insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasını qadağan edir.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Konstitusiya və suverenlik” ili çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Bərabərikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həsr edilmiş panel sessiyasında bildirib.
Qeyd edilib ki, gender bərabərliyi sahəsində Azərbaycan tərəfindən BMT-nin “Qadınların diskriminasiyasının bütün formalarının ləğv edilməsi haqqında”, Beynəlxalq Əmək Təşkilatının “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Analığın mühafizəsi haqqında” və s. Konvensiyaları ratifikasiya olunub.
Milli qanunvericilikdə əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağan edilir, qadınlar və kişilərə əmək münasibətlərində, habelə sosial təminat hüququnun həyata keçirilməsində bərabər şərtlər və imkanlar nəzərdə tutulur.
Kişi və qadınların orta aylıq əməkhaqları arasında fərqliliyin aradan qaldırılması məqsədilə aparılan islahatlar qeyd edilib. Qadınların əmək bazarında iştirak imkanlarının artırılması üçün son illər qanunvericilikdə beynəlxalq standartlara uyğun təkmilləşdrmələrin aparıldığı, bu islahatlar nəticəsində Dünya Bankının “Qadın, Biznes və Hüquq” 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycanın indeksinin 78,8-dən 85-ə yüksəldiyi bildirilib.
Məşğul əhalinin tərkibində qadınların xüsusi çəkisinin 48 faiz olduğu, dövlət sektoru üzrə təqribən 500 min, özəl sektor üzrə 330 min əmək müqaviləsinin qadınlarla bağlandığı qeyd edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il daha 55 mindən çox qadının işlə təmin edildiyi, 7,4 min qadının özünüməşğulluq, 10 minə yaxın qadının peşə hazırlığı proqramlarına cəlb edildiyi bildirilib.
Son iki ildə ölkənin 14 regionunda “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar bərabər imkanlar” kampaniyası çərçivəsində silsilə maarifləndirmə tədbirlərinin həyata keçirildiyi diqqətə çatdırılıb.