Bu gün, 15 İyun - Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanı dövlət müstəqilliyini itirmək və dünyanın siyasi xəritəsindən silinmək, vətəndaş qarşıdurması və dərin böhrandan xilas etdi. Həmin gün ölkəmizi tərəqqiyə, qələbələrə, sosial inkişafa doğru aparan yolun başlandığı gün kimi tariximizə qızıl hərflərlə yazılıb.
Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətini quraraq, xalqın rifahının təmin olunmasını, sosial müdafiə sisteminin gücləndirilməsini dövlət qarşısında əsas vəzifələrdən biri kimi müəyyən edib. “Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik” deyən Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyası nəticəsində əhalinin sosial müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, həssas qruplara dövlət qayğısı ildən-ilə artırılıb, yeni sosial proqramlara başlanaraq onların getdikcə genişləndirilməsi təmin edilib.
1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən sosial sahənin inkişafı ilə bağlı 60-dan artıq sənəd imzalanıb. Bu dövrdə həssas əhali qruplarının, şəhid ailələrinin, müharibə veteranlarının, ahılların, əlilliyi olan şəxslərin, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsinə yönələn mühüm tədbirlər həyata keçirilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan insanların mənzillər və fərdi evlərlə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatı kimi mühüm sosial proqramlara başlanıb.
Ümumilikdə, 1995-2003-cü illər ərzində ölkəmizdə pensiya və müavinətlərin orta aylıq məbləğində 8 dəfə, orta aylıq əməkhaqqında 6 dəfədən çox artım özünü göstərib. Habelə qeyd edilən dövrdə Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun sosial qanunvericilik bazası yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə dinamik və davamlı inkişafa, tarixi qələbələrə nail olub. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi möhtəşəm tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası, azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işləri hər bir azərbaycanlıda sonsuz qürur, iftixar hissləri doğurur.
Dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Bunun əyani göstəricisi kimi, son 7 ildə dövlət büdcəsində sosialyönlü xərclərin xüsusi çəkisi 2,2 dəfə artaraq 17,1 milyard manata, sosial müdafiə və sosial təminat xərcləri 2,2 dəfə artaraq 4,9 milyard manata çatıb. Habelə son 7 ildə 5 böyük sosial islahat paketi icra olunub. Əhatə dairəsi 4 milyon insan olan, illik əsasda əlavə olaraq 8 milyard manat vəsaitin ayrıldığı bu islahatlar sosial ödənişlərdə ciddi artıma imkan verib: minimum və orta aylıq pensiyada 2,9 dəfə, minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 3,3 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsaitdə 5 dəfə artıma nail olunub.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası son illər aparılan sosial islahatların beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən mühüm uğurlarından biridir. Ölkəmizin yeni brendi olan bu konsepsiya ilə dövlət sosial xidmətləri DOST mərkəzlərində “bir pəncərə”dən, tam şəffaf və operativ formada, vətəndaş məmnunluğuna uyğun təqdim olunur.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində əhaliyə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində də son illər mühüm nailiyyətlər əldə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xidmətlərin 90 faizindən çoxu elektronlaşdırılıb. Bu xidmətlərin bir çoxu heç bir sənəd təqdim etmədən və müraciət olunmadan proaktiv qaydada təqdim olunur.
Ölkəmizin Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolunda əldə etdiyi tarixi uğurlar qarşıdakı dövrdə də davam edəcəkdir.