Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Goranboy rayonunda və Mingəçevir şəhərində ictimai dinləmələr təşkil olunacaq.
Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.
İctimai dinləmələr Goranboy rayonunda 11 dekabr 2024-cü il tarixində saat 14:00-da Ağsaqqallar evində (Goranboy şəhəri, Məmməd Məhərrəmov küçəsi), Mingəçevir şəhərində isə 12 dekabr 2024-cü il tarixində saat 14:00-da Mingəçevir Gənclər Evinin inzibati binasında (Mingəçevir şəhəri, N. Nərimanov küçəsi 22A) keçiriləcək.