Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi Köməkçi Reabilitasiya Vasitələrinin Spesifikasiyası və Xidmət Standartlarının hazırlanması üzrə Texniki İşçi Qrupunun iclası keçirilib.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti iştirak ediblər.
Ölkəmizə idxal olunan təkərli oturacaqlar, eşitmə cihazları, əsalar, ortopedik ayaqqabılar və digər əsas reabilitasiya vasitələrinin minimal keyfiyyət standartlarına uyğunluğu, ÜST-ün Köməkçi Məhsullar üzrə Spesifikasiyalarının (KMS) strukturu, qlobal standartların milli kontekstdə tətbiqi və s. müzakirə olunub.
İclasda köməkçi məhsullar üzrə xidmətlərin göstərilməsi prosesində (qiymətləndirmə, uyğunlaşdırma, təlim, izləmə və texniki xidmət) vahid standartların hazırlanması istiqamətində növbəti addımlar müəyyənləşdirilib, aidiyyəti dövlət qurumları arasında koordinasiyanın və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.