“Əmək və Məşğulluq” altsistemində növbəti yenilik:
“Kadrlar uçotunun şəxsi vərəqəsi” işəgötürənlərə elektron formada təqdim olunacaq. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq yaradılır.
İşəgötürən işə qəbul mərhələsində işçi barədə şəxsi anket məlumatlarını e-qaydada ƏMAS üzərindən əldə edə biləcək. Onun işçi ilə imzaladığı əmək müqaviləsi aktiv olduğu müddətdə işçinin şəxsi məlumatlarını əldə etmək imkanı da aktiv olacaq. Müqaviləyə xitam verildikdə isə məlumatlar deaktivləşəcək.
Qeyd edək ki, “Əmək və Məşğulluq” altsistemindəki şəxsi kabinet bölməsində məlumatların redaktəsi imkanı mövcuddur. Vətəndaşlar altsistemə daxil olaraq ehtiyac yarandığı təqdirdə sistem tərəfindən təqdim olunan şəxsi məlumatlarına düzəliş və əlavələr edə bilərlər.
“Kadrlar uçotu şəxsi vərəqəsi”nin elektronlaşdırılmasının əsas məqsədi işçinin təqdim etdiyi məlumatların vahid platformada idarə edilməsi və işəgötürənlər üçün bu məlumatların yenilənməsinin avtomatik yerinə yetirilməsi imkanının yaradılmasıdır.