Növbəti ildə fondun vəsaiti hesabına 444 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq.
İşsizlikdən sığorta fondu (İSF) işsizliyə görə sığorta ödənişlərinin həyata keçirilməsi ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə də mühüm töhfə verir. Gələn il də Fondun vəsaitləri hesabına əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Belə ki, növbəti ildə İSF-nin gəlirlərinin cari illə müqayisədə 30,6 milyon manat (12,8 faiz) artaraq 268,9 milyon manata çatacağı proqnozlaşdırılır.
Fondun xərcləri isə proqnoza əsasən builki göstəricidən 52,8 milyon manat (19,8 faiz) çox olmaqla 319,2 milyon manat təşkil edəcək.
Bu vəsaitin işsizliyə görə sığorta ödənişləri ilə yanaşı, bir sıra aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Həmin tədbirlərə özünüməşğulluq proqramının icrası, peşə hazırlığının təşkili, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə standartlarının hazırlanması və digər istiqamətlər daxildir.
Ümumilikdə, 2027-ci ildə İSF-nin vəsaiti hesabına 444 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işlər aparılacaq.
İşsiz və işaxtaran şəxslərin kiçik biznesə başlamasına imkan yaradan özünüməşğulluq proqramının icrası da gələn il Fondun dəstəyi ilə davam etdiriləcək. Fondun vəsaiti ilə növbəti ildə 14,5 min ailə üçün kiçik təsərrüfatların qurulması nəzərdə tutulur.