Azərbaycan Milli İncəsənət Muzeyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının iştirakı ilə “Fərqliliyin harmoniyası” adlı konsert proqramı təşkil olunub.
Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertdən əvvəl Mərkəzin fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, beş il əvvəl fəaliyyətə başlayan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Ötən müddət ərzində Mərkəz və bölgələrdəki filiallarında həssas qruplara aid 1000-dən çox şəxsin yaradıcı potensialının inkişaf etdirilməsi, onların sosial adaptasiyası və peşəkar səhnə fəaliyyətinə cəlb edilməsi istiqamətində işlər aparılıb.
Konsert proqramında Mərkəzin istedadlı ifaçıları bədii rəhbər və dirijor Mustafa Mehmandarovun rəhbərliyi, həmçinin İnklüziv Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və Avropa bəstəkarlarının seçmə əsərlərini səsləndiriblər.
Tədbir həmçinin həssas kateqoriyalardan olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların yaradıcılıq imkanlarını geniş auditoriyaya tanıtmağa xidmət edib. Paytaxtın tarixi və mədəni incilərindən sayılan məkanda bu konsert layihəsinin təşkili ölkəmizdə inklüziv sənətin inkişafına dəstək məqsədi daşıyıb.