Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xalq yazıçısı Elçin Əfəndiyevin "Hövsan soğanı" pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub.
Səhnə əsərinin təqdimatında qeyri-hökumət təşkilatlarının nümayəndələri, incəsənət xadimləri, həssas qruplardan olan şəxslərin valideynləri və təcrübəçilər iştirak ediblər.
Tamaşa Mərkəzin təlimçisi, tanınmış aktyor Elşən Əsgərovun rejissorluğu və Mərkəzdə səhnə ifaçılığı və aktyorluq sənəti istiqaməti üzrə təlimlərdə iştirak edən benefisiarların iştirakı ilə üç aydan çox müddətdə ərsəyə gəlib.
Rejissor çıxışında həssas kateqoriyalardan olan yaradıcı şəxslərin sosial adaptasiyası və biri-birilə səmərəli ünsiyyətinin formalaşmasında səhnə yaradıcılığının əhəmiyyətini və bu istiqamətin vacib olduğunu vurğulayıb.
Tamaşadakı aktyorların səhnə geyimləri Mərkəzin dərzilik və bədii tikmə studiyasında hazırlanıb. Tamaşanın işıq və səhnə tərtibatçısı Binyamin Sailov, səs rejissorları Fərhad Musayev və Ruhin İsmayılovdur.