Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılır.
Bu müayinələr nəticəsində 4 kateqoriya üzrə, yəni
- sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası),
- sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası),
- dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası),
- həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)
qərarlar verilir. Çağırışçıların yekun tibbi müayinəsi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə daxil edilən göndərişə uyğun olaraq e-növbəlillik əsasında aparılır.
Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzində ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən onlarla bağlı qanın ümumi və biokimyəvi analizi, oftalmoloji, audiometriya, bera testi, spirometriya, ultrasəs, elektroensefaloqrafiya (EEQ), exokardioqrafiya (EXO KQ), elektromioqrafiya (EMQ), rentgen, qastroskopiya, stomatoloji müayinələri həyata keçirilir.
Aparılan əyani müayinənin yekunu olaraq qəbul edilən qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.