1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı nəticəsində Azərbaycan dövlət müstəqilliyinin itirilməsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhranlardan xilas olub. Tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazılan həmin gün ölkəmizi müstəqil dövlət kimi böyük perspektivlərə aparan inkişaf yolunun, uğur və qələbələrinin başlanğıc tarixi olan bir gündür.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev xalqın rifahının təmin olunmasını, sosial müdafiə sisteminin gücləndirilməsini dövlət qarşısında əsas vəzifələrdən biri kimi müəyyən edərək, bu istiqamətdə mühüm addımların atılmasını təmin edib. “Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın sosial dövlət modelini, sosial inkişaf strategiyasını formalaşdırıb.
1993-cü il iyunun 15-dən sonrakı dövrdə ölkədə sosial inkişafın təmin edilməsi üçün ardıcıl və məqsədyönlü işlər aparılıb. Uğurlu iqtisadi islahatlar, həmçinin 1995-ci ildən başlayaraq həyata keçirilən torpaq islahatları məşğulluq imkanlarının artmasına, sosial rifahda müsbət dəyişikliklərə imkan verib. Əhalinin, şəhid ailələrinin, müharibə veteranlarının, yaşlı insanların, tənha ahılların, əlilliyi olan şəxslərin, valideyn himayəsindən məhrum olmuş uşaqların və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə yönələn mühüm tədbirlər həyata keçirilib. Habelə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan insanların mənzillə və fərdi evlərlə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatı proqramlarına başlanıb. Ulu Öndər tərəfindən 1993-2003-cü illərdə əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalanıb və 1995-2003-cü illər ərzində ölkəmizdə pensiya və müavinətlərin orta aylıq məbləğində 8 dəfə, orta aylıq əməkhaqqında 6 dəfədən çox artım özünü göstərib.
Həmin dövrlərdə Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun sosial qanunvericilik bazası yaradılıb, Demoqrafik İnkişaf Konsepsiyası, Pensiya İslahatı Konsepsiyası, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı qəbul olunub. Əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası sahəsində geniş miqyaslı tədbirlər həyata keçirilib, yeni reabilitasiya müəssisələri yaradılaraq şəbəkəsi ildən-ilə genişləndirilib. Eyni zamanda əlilliyi olan şəxslərin və digər həssas qrupların istedad və bacarıqlarının aşkara çıxarılaraq dəstəklənməsi, onların yaradıcılıq imkanlarının cəmiyyətə tanıdılması, inklüziv cəmiyyətin inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilib.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunan, ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edən müstəqil Azərbaycanın ilk milli Konstitusiyası insan hüquq və azadlıqlarının, vətəndaş rifahının təminatına xidmət edir. Konstitusiyamızda xalqın rifahının yüksəldilməsi, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin məqsədləri kimi bəyan olunur. Əsas Qanunumuzda hər kəsin əmək, təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq, sosial təminat hüquqlarının olduğu bildirilir. Habelə hər kəsin qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malik olduğu bəyan olunur.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın öz tarixində görünməmiş sürətli inkişafa, tarixi uğurlara və qələbələrə nail olub. 2020-ci ildə isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz möhtəşəm tarixi Zəfər əldə edib və torpaqlarımız Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olunub. 2023-cü ilin sentyabr ayında isə uğurlu antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası təmin edilib.
Dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır və bunun nəticəsidir ki, ötən dövrdə sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi tədbirləri ardıcıl xarakter alıb. Xüsusilə 2018-2025-ci illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi icra olunub. İllik əlavə maliyyə tutumu 7,6 milyard manat olan, 4 milyon nəfəri əhatə edən bu islahatlar minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 2,9 dəfə, orta aylıq pensiyada 2,6 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin həcmində 5 dəfə artımla nəticələnib.
Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da ildən-ilə genişləndirilib. Vətən müharibəsindən sonra onlara 6,8 min mənzil və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil, ümumən ötən dövrdə isə 16 minə yaxın mənzil və 7,7 min avtomobil təqdim edilib.
Birinci vitse-prezidenti Mehiriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası son illər ölkəmizdə aparılan sosial islahatların beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən mühüm uğurlarından biridir. Ölkəmizin yeni brendi olan bu konsepsiya dövlət sosial xidmətlərinin DOST mərkəzlərində vahid platformadan, tam şəffaf və operativ formada təqdim olunmasına imkan verib. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəz əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialına, ümumən inklüziv cəmiyyətin inkişafına mühüm dəstək verir.
Həmçinin son illər ölkəmizdə müasir reabilitasiya və sosial xidmət infrastrukturu qurulub, reabilitasiya xidmətləri ilə təmin olunanların illik sayı dəfələrlə artıb. Əmək, məşğulluq, sosial müdafiə sahələrində əhaliyə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində də son illər mühüm nailiyyətlər əldə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 159 xidmətin 90 faizindən çoxu elektronlaşdırılaraq, onlardan 60-ı proaktiv qaydada təqdim olunur.
Ölkəmiz Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolunda qarşıdakı dövrdə də yeni-yeni tarixi uğur və qələbələr əldə edəcəkdir.