Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıda növbəti əmək yarmarkası təşkil olunub.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, dövlət və özəl sektoru təmsil edən işəgötürənlər iştirak ediblər.
Onlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalar ilə maraqlanıblar. İşəgötürənlər müəssisələrinin fəaliyyət istiqamətləri, işçi seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında məlumat veriblər.
Aktiv məşğulluq tədbirində müxtəlif fəaliyyət sahələri üzrə 59 işəgötürən tərəfindən ümumilikdə 450-dən artıq vakansiya təqdim olunub.
İşsiz və işaxtaran şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə məlumat verilib və müraciət edən şəxslərin CV-ləri qəbul edilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Tədbir iştirakçıları Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat almaq imkanı da əldə ediblər.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il paytaxt və bölgələrdə 150 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub və onlardan artıq 35-dək yarmarka keçirilib.