Böyük Britaniyanın “Project Controls Expo” adlı beynəlxalq platforması Azərbaycanın sosial təminat sistemində tətbiq edilən proaktiv xidmət təcrübəsinə dair məqalə dərc edib.
Məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv təyinat mexanizminə keçid prosesi, həmin mexanizmin üstünlükləri, yaratdığı imkanlar barədə ətraflı məlumat verilir.
Proaktiv təyinat mexanizmi nəticəsində pensiya, müavinət və digər sosial ödənişlərin vətəndaş müraciətinə və sənədlərin təqdim edilməsinə ehtiyac olmadan, avtomatik təyin edildiyi vurğulanır.
Bu mexanizmin qurumun Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemi və onun 80-dən çox dövlət informasiya sistemi ilə məlumat mübadiləsi əsasında fəaliyyət göstərdiyi, hazırda 55 növ sosial ödənişin proaktiv qaydada təyin olunduğu bildirilir.
“Project Controls Expo” platforması layihə idarəçiliyi sahəsində ixtisaslaşmış beynəlxalq platformadır. Qeyd edilən platformada dərc olunan bu məqalə Azərbaycanın sosial müdafiə sistemində əldə olunan rəqəmsal uğurların beynəlxalq səviyyədə də yüksək qiymət almasının növbəti göstəricisidir.