Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2022-ci ilin İqtisadi və Ətraf Mühit ölçüsü üzrə təşkil etdiyi implementasiya iclası (Vyanada) çərçivəsində “Qadınların iqtisadi sahədə iştirakı ilə bağlı ATƏT öhdəliklərinin icrası üzrə nəticələrin müzakirəsi” sessiyası keçirilib.
57 üzv ölkənin təmsil olunduğu sessiyada iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Svetlana Popova tədbirdə Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verib.
Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ həllərin geniş tətbiqi sahəsində əldə olunan nailiyyətlər, DOST konsepsiyası, qadınların aktiv məşğulluq proqramları ilə əhatə olunmaları istiqamətində ölkəmizdə görülən işlər diqqətə çatdırılıb.
Azərbaycanda son illərin sosial islahatlar təcrübəsi, həmçinin əmək bazarında gender bərabərliyinə nail olunması sahəsində aparılan işlərə dair məlumatlar sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.