Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkəmizdə milli iqtisadiyyatın dinamik artımı şəraitində sosial inkişafın davamlı xarakter almasına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişlənməsinə, sosial sahədə vətəndaş rifahı və məmnunluğuna yönəlik mühüm irəliləyişlərə, sosial ödənişlərdə orta hesabla 10 -15 dəfə artımlara imkan verib.
“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” deyə bəyan edən dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan inqilabi sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istqiamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib.
Son 4 ildə 4 milyondan çox vətəndaşı əhatə edən üç sosial islahat paketi üzrə əlavə olaraq illik 6 mlrd. manat ayrılıb. Bu dövrdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 53 faiz, əmək müqavilələri 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb. Həmçinin bu dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub ki. bu da sosial təminat sisteminin əhatə dairəsini daha da genişləndirib.
2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm Zəfər əldə etməsi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir.
Zəfər dövrünü yaşayan qalib Azərbaycanda müharibədən sonra dövlət başçısının göstərişi ilə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketinin icrasına başlanıb. Bu dəstək paketi həmin insanların sosial təminat hüquqlarının operativ reallaşdırılması, onlara qanunvericilikdə nəzərdə tutulan sosial ödənişlərin e-sistemlər üzərindən proaktiv təyinatı, onların sosial-psixoloji dəstəklə, reabilitasiya xidmətləri və vasitələri, birdəfəlik maddi yardımla təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdılması, məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması və s. kimi dəstək istiqamətlərini əhatə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu genişmiqyaslı sosial dəstək tədbirləri 121 min şəxsi əhatə edib, onlara dəstək yönümlü 260 min xidmət göstərilib. O cümlədən 102 min şəxsə 114 min sosial ödəniş təyin olunub, 16,7 min şəxs üzrə birdəfəlik ödəmə, 2,8 min şəxsə sığorta ödənişi verilib, təqaüd və müavinətlər orta hesabla 60 faiz artırılıb. 11 min şəxsə 36 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. 1 766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 son nəsil müasir protezlə təmin olunub. 16,4 min şəxs aktiv məşğulluq, o cümlədən 9,4 min şəxs özünüməşğulluq proqramlarına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində 70 minə yaxın şəxsə xidmətlər göstərilib.
Prezident İlham Əliyevin uğurlu sosial sosial siyasətində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması mühüm yer tutur. “Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq” deyə qeyd edən Prezident İlham Əliyevin imzaladığı sənədlər nəticəsində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial ödənişləri təkcə son 4 ildə 2 dəfədən çox artırılıb.
Eyni zamanda, bu dövrdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə onlara 4300, ümumilikdə ötən dövrdə 13,1 min mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1300-ü təqdim edilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifahına yönələn proqramlardan biri də onların avtomobillə təminatıdır. Postmüharibə dövründə bu istiqamətdə də tədbirlər geniş miqyas alıb, eyni zamanda 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. 44 günlük Vətən müharibəsindən sonra 304, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Dövlət başçısının şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğısının daha bir təzahürü kimi, son illər həmin kateqoriyalarla bağlı növbəti sosial dəstək proqramları icra olunub: 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib. 2022-ci ilin avqust ayında isə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramına başlanıb və qeyd olunan kateqoriyaya aid artıq 16,7 min şəxs üzrə birdəfəlik ödəmə verilib. 2022-ci ilin əvvəlindən isə Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub.
Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan, 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi son illər Azərbaycanda aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Dövlət başçısı “DOST mərkəzləri müasir Azərbaycanın simasıdır” deyə bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib. DOST xidmətlərindən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən çoxdur. DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu il ərzində DOST Agentliyi: “Avropa Sosial Xidmətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif edilib. DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib.
Eyni zamanda, 2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Bu işlər reabilitasiya mərkəzlərinin potensialının, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 4 dəfə artmasına imkan verib.
Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi daim dövlət başçısının diqqətindədir. Qeyd etdiyimiz kimi, təkcə son 4 ildə ölkəmzidə minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz artıb. Digər tərəfdən, pensiya sistemində humanist yanaşmalara əsaslanan islahatlar aparılıb. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verilir. 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan bir çox yaşlı şəxslərin vaxtından daha erkən dövrdə yaşa görə müavinət sistemindən faydalanmasına imkan yaradılıb.
Bu il də “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib. Dövlət başçısının sərəncamları ilə hər ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin olunur. Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla 2023-cü ildən artıq pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün növ pensiyalarda hər il artıma imkan verəcək.
Eyni zamanda, 2022-ci ildə pensiyaçılara əlavə olaraq maddi yardımlar verildi və bu maddi yardımlar gələn ilin əvvəlindən onların pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Ümumilikdə 2023-cü ildə pensiya ödənişlərinə 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 650 mln. manat və ya 12 faiz çox vəsait yönəldilməsi nəzərdə tutulur. Gələn il pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat olacağı, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə bu ilkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı gözlənilir.
Dövlət başçısının tapşırığına əsasən icra olunan mühüm sosial proqramlardan biri də aztəminatlı ailələrin rifahında mühüm rola malik ünvanlı sosial yardım proqramıdır. Həmin ailələrə ödənilən ünvanlı sosial yardımın hər ailə üzrə orta aylıq məbləği bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 41 faiz artaraq 388 manat olub. Ehtiyac meyarı bu il 200 manatdırsa, 2023-cü ildə 246 manata çatdırılması nəzərdə tutulur, bu da növbəti ildə ailələrə təyin olunacaq ünvanlı sosial yardımın məbləğlərinin növbəti artımı ilə nəticələnəcək. Ümumilikdə, gələn il ünvanlı sosial yardımlarının bir ailəyə düşəcək orta aylıq məbləğinin təxminən 535 manat olacağı gözlənilir ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 36 faiz çoxdur.
Həssas qruplarla bağlı icra olunan mühüm dəstək proqramlarından biri də Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramıdır. Bu il də 16175 nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb və proqrama cəlb olunanların illik sayı son 4 ildə təqribən 15 dəfə artıb. Bu dövrdə 60 mindən çox işsiz və işaxtaran şəxs üçün həmin proqram çərçivəsində kiçik ailə biznesləri yaradılıb.
Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı Azərbaycanda sosial inkişafın təmin olunması nailiyyətlərin qarşıdakı dövrdə də uğurla davam etdirilməsinə əminlik yaradır.
Sosial şəbəkələrdə də bizi izləyin: