Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli şəhid mayor Rəhim Hüseynovun övladları Hikmət, Rüfət və Fikrəti ziyarət edib.
Bundan əvvəl də V.Nəsirli şəhid övladları olan qardaşlarla Nazirlik və AzTV-nin “Tut əlimdən” layihəsi çərçivəsində görüşmüş, bir gününü şəhid övladları ilə keçirərək, onların asudə vaxtını mənalı keçirmələrinə dəstək olmuşdu.
Növbəti dəfə uşaqlarla görüşən V.Nəsirli ailənin sosial vəziyyəti, şəhidimizin bizə əmanətləri olan uşaqlarının yaşayışı və təhsili ilə maraqlanıb. Onların daim diqqət və qayğı əhatəsində olacaqlarını bildirib.
Görüş zamanı Elza xanıma şəhid ailəsi üzvü kimi ona təyin edilmiş sosial ödənişlər üzrə yeni kart, şəhidin övladlarına hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ötən ilin oktyabr ayında uşaqların anası Günel Ələsgərova şəhid həyat yoldaşının Zərdab rayonunda keçirilən anım mərasimində iştirak etmək üçün həmin rayona gedərkən Kürdəmir rayonu ərazisində avtomobil qəzası nəticəsində həlak olub.
Hazırda uşaqlar Xırdalan şəhərində nənələri Elza Ələsgərova ilə birgə yaşayırlar. Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində 3 otaqlı mənzillə təmin olunub və ailəyə aylıq sosial ödənişlər həyata keçirilir.