Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli şəhid Teymurov Vüsal Zakir oğlunun ailəsini ziyarət edib.
Vüsal Teymurov 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailəsinə müvafiq sosial ödənişlər təyin edilib. Bu il isə ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində yeni yaşayış kompleksində üçotaqlı mənzillə təmin olunub. Şəhidin ailə üzvünün məşğulluğuna dəstək də göstərilib.
Ailə ilə görüşdə şəhid Vüsal Teymurovun şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. Ailənin üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.