Ölkəmizdə himayədar ailə institunun formalaşdırılması prosesində rəqəmsal həllərin tətbiqinə xüsusi önəm verilir və bu sahədə də xidmətlər elektron platformada təqdim olunacaq.
Bu barədə “Himayədar ailə” yeni qayğı modelinin tətbiqi istiqamətində aparılan işlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə olmaq istəyən ailələrin və ya şəxslərin vahid uçotunun da elektron formada aparılacağını, bununla bağlı müvafiq altsistemin fəaliyyət göstərəcəyini qeyd edib.
İclasda “Himayədar ailə” yeni qayğı modelinin tətbiqinə hazırlıq sahəsində görülən işlər, gələn il üçün nəzərdə tutulan planlar müzakirə olunub. Valideyn himayəsindən məhrum olmuş uşaqların ilkin mərhələdə müasir şəraitli sığınacaqla təmin edilməsinin diqqətdə saxlanacağı vurğulanıb.
Himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə onların ailə mühitində yaşamaları və inkişafına şərait yaradılmasını nəzərdə tutur.