Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90,2 faizə çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən artıq 138-i elektron, o cümlədən 51-i proaktiv qaydada göstərilir. 2022-ci il ərzində də 40 xidmətin elektronlaşdırılması ilə bağlı işlər aparılıb.
Bu barədə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
O, cari ildə Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsinin 90,2 faizə çatdığını vurğulayıb.
K.Əkpərov bildirib ki, bu il Nazirliyin e-xidmətlərinə 9 milyondan çox, e-sosial.az portalına 11 milyona yaxın müraciət edilib. Növbəti ildə e-sosial portalının funksionallıqlarının daha da genişləndiriləcəyi diqqətə çatdırılıb.
2022-ci ildə ümumilikdə 310 mindən çox şəxsə e-sistemlər üzərindən proaktiv təyinat aparılıb. Növbəti ildən proaktiv təyinat sahəsinin daha da genişləndirilməsi üçün Nazirliyin e-sistemlərində aidiyyat üzrə inteqrasiya və təkmilləşmə işləri davam etdirilir.
Nazirliyin 30-dan çox e-arayış xidməti vasitəsilə bu il 530 min 631 e-arayış verilib.
Həmçinin hazırda Nazirliyin e-sistemləri 50-dən çox qurumun informasiya sistemləri ilə inteqrasiya edilib. Həmin qurumlar tərəfindən bu il Nazirliyin informasiya sistemlərinə edilən sorğu sayı 187 milyondan çox olub. Həmçinin cari ildə Nazirlik informasiya sistemlərinin “Hökumət buludu”na keçidini tam təmin edən ilk dövlət qurumu olub.
Cari ilin may ayında isə əmək münasibətləri sahəsində bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib. ƏMAS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin bu günlərdə təşkil etdiyi “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyasının qalibi olub.
Şəhid ailələri və müharibə iştirakçılarının hüquqlarının təmin edilməsi sahəsində çevik məlumat mübadiləsinə imkan verən elektron xidmətlərdən biri “Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan və "Müharibə veteranı" adı verilmiş şəxslərə çevik şəkildə proaktiv təqaüd təyinatının aparılmasında da “Zəfər” altsistemi mühüm rol oynayıb.
Sosial dəstək proqramlarının icrası sahəsində proaktiv təyinat mexanizmlərinin tətbiqi işlərindən də bəhs olunub. Hazırda “Himayədar ailə”, “Fərdi Reabilitasiya və Abilitasiya altsistemi” , “ƏMAS” , “E-birja” habelə digər elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə işlər davam etdirildiyi və s. barədə də məlumat verilib.
Sosial şəbəkələrdə də bizi izləyin: