Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov şəhid polkovnik-leytenant Nail Orucovun Astara şəhərində yaşayan ailəsini ziyarət edib.
Nail Orucov Vətən müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidimizin ailəsi ilə söhbət zamanı onun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb.
V.Behbudov ailənin sosial vəziyyəti ilə tanış olub. Hər bir şəhid ailəsi kimi Nail Orucovun ailəsinin və vətənə əmanət qalan 3 övladının həmişə dövlətin qayğısı ilə əhatə olunacağını qeyd edib. Şəhidin həyat yoldaşı onlara göstərilən diqqətdən razı olduğunu bildirib.
Qeyd edək ki, ailənin yaşadığı küçəyə şəhidimizin adı verilib.