Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 illiyi ilə əlaqədar Nazirlik əməkdaşları ilə görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 1918-ci ilin 26 dekabrında Poçt, Teleqraf və Əmək Nazirliyi kimi yaradılan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu gün ölkə əhalisinin böyük bir hissəsinə xidmət göstərdiyini vurğulayıb.
O, Prezident İlham Əliyevin tapşırıqları əsasında Nazirliyin fəaliyyət sahələrində geniş islahatların həyata keçirildiyini, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldığını bildirib.
Nazir sosial xidmətlərin təkmilləşdirilməsi, bu xidmətlərin, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, əhaliyə xidmətlərin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində, vətəndaş məmnunluğuna uyğun qurulması sahələrində mühüm işlər aparıldığını qeyd edib.
S.Babayev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsində də Nazirlikdən 101 əməkdaş, Nazirliyin əməkdaşlarının ailə üzvlərindən 129 nəfər iştirak edərək Qələbəmizə töhfələrini veriblər. 11 əməkdaşın ailə üzvləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar. Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 79 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə medallarla təltif olunublar.
Nazir eyni zamanda, aparılan sosial islahatlar prosesində səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların əməyinin qiymətləndirilməsinin daim diqqətdə saxlandığını, ötən dövrdə Nazirliyin bir çox əməkdaşlarının dövlət təltiflərinə layiq görüldüyünü vurğulayıb.
O, eyni zamanda, qurum çərçivəsində bu sahədə işlərin aparıldığını Nazirliyin yaradılmasının 103 illiyi münasibəti ilə bir qrup əməkdaşın da Təşəkkürnamə ilə təltif edildiyini bildirib.
Sonra Nazirlik əməkdaşlarına Təşəkkürnamələr təqdim edilib.