Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində 27 noyabr-6 dekabr 2021-ci il tarixlərində Gürcüstanda keçirilən gənclər arasında Dünya Çempionatında qızıl və bürünc medal qazanan idmançılarımızla ilə görüş keçirilib.
Agentliyin sədri Vüqar Behbudov Paralimpiya İdman Kompleksində pauerliftinq idman növü üzrə məşqlər keçən və qeyd edilən Dünya Çempionatının qızıl medalçısı Leyla Kərimova, bürünc mükafatçısı Zəhra Dadaşova və onların məşqçilərini qələbələri münasibətilə təbrik edib.
Sədr qeyd edib ki, Prezident İlham Əliyevin paralimpiyaçılarımıza xüsusi qayğısı ölkəmizdə paralimpiya idman növlərinin sürətli inkişafına şərait yaradıb. “Tokio-2020” paralimpiya yarışlarında ölkəmizin 163 ölkə arasında 10-cu yerdə qərarlaşması da bunun nümunəsidir.
Qeyd olunub ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2008-ci ildə Sumqayıt şəhərində MDB məkanında ilk dəfə olaraq beynəlxalq standartlara uyğun Paralimpiya İdman Kompleksinin açılışı olub. Hazırda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən həmin Kompleks paralimpiyaçılarımızın yarışlara hazırlaşmalarında mühüm baza rolunu oynayır.
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı dövlət siyasətinin daha bir istiqaməti də onların paralimpiya idman növlərinə cəlb edilməsidir. Bu kateqoriyadan olanların özlərini inkişaf etdirmələri üçün bir çox layihələr və proqramlar icra edilir.
Leyla Kərimova Uşaq paralimpiya Oyunlarının 2 dəfə birincisi, Azərbaycan Çempionatının qalibi, gənclər arasında Dünya kubokunun birincisi və böyüklər arasında bürünc mükafatçısı, Gürcüstanda keçirilən gənclər arasında Dünya Çempionatınının qızıl medal mükafatçısıdır. Zəhra Dadaşova isə VI Uşaq Paralimpiya Oyunlarının qalibi və Gürcüstanda keçirilən gənclər arasında Dünya Çempionatının bürünc mükafatçısıdır.
Leyla Kərimovanın şəxsi məşqçisi İlqar İbişov Paralimpiya İdman Kompleksində idman üzrə məşqçi-müəllim kimi çalışır. O, eyni zamanda Milli Paralimpiya Komitəsinin Pauerliftinq idman növü üzrə yığma komandasının baş məşqçisidir. Zəhra Dadaşovanın şəxsi məşqçisi isə Paralimpiya İdman Kompleksində bədən tərbiyəsi və idman üzrə təlimatçı-metodist Taleh Məhərrəmovdur. O həm də pauerliftinq idman növü üzrə Uşaq Paralimpiya təşkilatında baş məşqçi kimi çalışır.