Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Pirallahı rayonunda 18 yaşınadək əlilliyi olan şəxslər üçün yeni günərzi qayğı mərkəzi (Pirallahı rayonu, Səməd Vurğun küçəsi, 65 b) açılıb.
Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov iştirak ediblər.
V.Behbudov həssas əhali qruplarından olan şəxslərlə bağlı icra olunan proqramlardan bəhs edib. Bildirilib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərə zəruri sosial xidmətlərin göstərilməsi həm səyyar, həm də stasionar formada həyata keçirilir.
Yeni açılan günərzi qayğı mərkəzinin məqsədi 18 yaşınadək əlilliyi olan şəxslərin psixo-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, ailələrinin ehtiyac duyduqları sosial xidmətlərlə təmin edilməsidir. Mərkəz həmçinin şəxslərin dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına da dəstək məqsədi daşıyır.
Mərkəzə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunacaqlar. Günərzi qayğı mərkəzində həmçinin valideynlərə uşaqlara qulluğun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri göstəriləcək, onlar üçün təlim proqramları təşkil olunacaq.
V.İmanov Mərkəzin 18 yaşınadək əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib.
Mərkəzin göstərdiyi xidmətlərdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər. Həmçinin Agentliyin 116123 “Qayğı” Çağrı Mərkəzinə zəng edərək göstərilən sosial xidmətlərlə bağlı məlumat almaq mümkündür.