1.1. Bu Qayda şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə (bundan sonra – şəxslər) əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, habelə digər sahələrdə xidmətlər (bundan sonra – xidmətlər) şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində (bundan sonra – Mərkəz) göstərilməsi qaydasını müəyyən edir.
1.2. Mərkəzdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir.
1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) Mərkəzdə xidmət göstərən aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir və müraciətlərin icra vəziyyətinin monitorinqini aparır.
1.4. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.