Birdəfəlik sığorta ödənişi - həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata keçirilir (sığorta hadisəsini təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olduğu halda 1 yanvar 2022-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);Prosedur: Sığorta ödənişinin verilməsi üçün vərəsə (-lər) həlak olmuş hərbi qulluqçunun ölüm haqqında şəhadətnaməsinin surətini, notariat qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsini və vərəsə(-lər)nin şəxsiyyət vəsiqəsinin surətini müvafiq quruma təqdim etməlidir. Sənədlər təqdim edildikdən 10 iş günü ərzində 11000 (on bir min) manat sığorta ödənişi vərəsə(-lər)-nin bank hesabına köçürülür.
Dəfn mərasiminin təşkili üçün maliyyə yardımı – şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən);
Prosedur: Valideyn (nümayəndə) həlak olma (vəfat etmə) barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə təqdim edir, oradan 3 (üç) iş günü müddətində müvafiq vəsait nağdsız hesablaşma yolu ilə ödənilir.
Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) - şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (700 manat) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Şəhid ailəsi statusu haqqında müvafiq arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan təqaüd almaq hüququ olan ailə üzvlərinə təyinat aparılaraq ödənişə göndərilir.
Ailə başçısını itirməyə görə pensiya (aylıq) – şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: – Şəhid zabit, gizir və müddətdən artıq xidmət edən (MAXE) şəxs olubsa, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvlərindən biri şəhidin xidmət keçdiyi quruma müraciət edir; həmin qurum məlumat vərəqəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsi şəhidin ailə üzvündən pensiya təyin edlməsi üçün digər müvafiq sənədləri qəbul edib təyinat aparır. Şəhid əsgərdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri müvafiq sənədlərlə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə müraciət edir və təyinat aparılır.
Müavinət (aylıq) – şəhidin pensiya hüququ olmadıqda ailə başçısını itirməyə görə hər bir ailə üzvü 140 manat məbləğində müavinət alır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Şəhidin ölüm haqqında şəhadətnaməsi onun ailə üzvü tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir. Bundan sonra şəhidin ailə üzvlərinə müavinət təyin edilərək ödənişə göndərilir.
Mənzil təminatı – 1 yanvar 2023-ci ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır.
Prosedur: Bu kateqoriyadan olan şəxslər tərəfindən rayon (şəhər) İcra Hakimiyyəti orqanlarına müraciət edilir, növbəlilik siyahıları rayon (şəhər) İcra Hakimiyyəti orqanları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Bu siyahılara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilirlər.
Psixoloji dəstək - Şəhid ailəsi üzvlərinə postmüharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək göstərilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Şəhid ailəsi üzvlərinin müraciəti əsasında.
Sanatoriya-kurort müalicəsi - şəhid ailə üzvləri ildə bir dəfədən çox olmamaqla sanatoriya-kurort putyovkaları (yollayışları) ilə (işləyənlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci bəndinə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işəgötürənlərə təqdim olunan putyovkalarla (yollayışlarla) iş yerindən, işləməyənlər - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən növbəlilik əsasında təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində, gediş-gəliş xərcləri daxil olmaqla). Eyni zamanda sanatoriya-kurort putyovkası (yollayışı) almaq üçün növbəyə götürülmüş 18 yaşınadək uşaqlar müşayiətçi ilə birlikdə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.Prosedur: ərizələrini və sanatoriya-kurort kartasını aidiyyəti üzrə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları quruma təqdim etməklə. Ərizə və sanatoriya-kurort kartası təqdim edildikdən sonra sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan və işləməyən şəxs 1 (bir) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sanatoriya-kurort” altsistemində növbəyə götürülür və bu barədə şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə 2 (iki) iş günü müddətində qısa məlumat göndərilir, eləcə də şəxsin Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur. İşləyən şəxslərə münasibətdə isə sanatoriya-kurort putyovkası (yollayışı) almağa dair məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci bəndinə uyğun təmin edilir.
Təhsil - şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar (Elm və Təhsil Nazirliyi tərəfindən);
Özünüməşğulluğun təşkili: Şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracət etməlidir.
Haqqı ödənilən ictimai işlər: Şəhid ailəsi üzvlərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Şəhid ailəsi üzvlərinin sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Kvotadan əlavə iş yerlərinin yaradılması: Şəhid ailəsi üzvlərinin müəssisələrdə iş yerlərinə işlərə qəbulu və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası: Şəhid ailəsi üzvləri də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi layihələrin həyata keçirilməsi;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək və Məşğulluq" altsisteminə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Əlavə- Şəhid ailəsi üzvləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub.
QEYD: 11 min manat sığorta ödənişi və 3 min manat dəfn üçün maliyyə yardımı istisna olmaqla, hərbi və mülki şəhidlərin ailələrinin hüquqları bərabərdir.