Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvləri nazirliyin saytında “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.
Axtarışın nəticəsi olaraq “Şəhid hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir.
Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsəsi tərəfindən notariat kontoruna bu sənədlər təqim olunur:
- hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;
- hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı;
- birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə. Ərizə forması notariat orqanından əldə edilir;
- bank hesabı nömrəsinə dair arayış. Vərəsənin bank hesabı olmadıqda, o istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır.
Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s.