Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64,5 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə yaşa görə müavinət verilir.
Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Buna baxmayaraq qadın və kişilərin sosial vəziyyətindən asılı olaraq bu müavinəti almaq üçün onlara aşağıdakı güzəştlər də edilir:
- Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ vardır. Deməli, qadın 59 yaşındadırsa, qeyd olunan şərtlərə uyğun gəlirsə və pensiya hüququ yoxdursa, həmçinin işləmirsə, o zaman ona yaşa görə müavinət təyin edilir;
- Əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır;
- Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır;
- Əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır.