Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan şəxs (şəxslər) övladlığa götürən ola bilər:
1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
6. məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
7. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər;
8. ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla);
9. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı ilə müəyyən edilmiş xəstəlikləri olan şəxslər;
10. Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları);
11. Mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az yaşayış sahəsi olan Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
12. Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla yaşı 30-dan az olan nikahda olmayan şəxslər;
13. 2.6, 2.7 və 2.9-cu bəndlərdə qeyd olunan tələblər eyni zamanda uşağı övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir.
14. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.