övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
Övladlığagötürmə prosesində valideyn-namizədlərin uçotu üçün hansı sənəd və məlumatlar tələb olunur?
Valideyn-namizədin özü və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərin ərizəsi (notariat orqanı tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş); Valideyn-namizədlər barədə fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer (ünvan), vətəndaşlığı) Özü və onunla birgə yaşayan şəxslər haqqında övladlığa imkan verməyən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sağlamlıq haqqında arayışı; ailə vəziyyəti barədə məlumat (nikah və ya nikahın pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi); İş yeri (o cümlədən vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat (o cümlədən, son 12 aylıq dövr üçün bank hesabından çıxarış); Mülkiyyətində olan daşınmaz əmlaklar, o cümlədən nəqliyyat vasitələri barədə məlumat; Məhkumluq haqqında məlumat (məhkum olunma tarixi, cəzanın növü, müddəti, azad edilmə tarixi, azad edilmə üçün əsas); Aliment, kredit və digər öhdəlikləri barədə məlumat; Öz qohumunu (bacısı, qardaşı, nəvəsi, qardaşının və ya bacısının övladı, valideynlərinin bacısı və ya qardaşının övladları) övladlığa götürdükdə - qohumluq əlaqələrinin təsdiqi barədə məlumat (doğum haqqında şəhadətnamənin surəti); Əcnəbilərə və vətəndaşlığı olmayanlara münasibətdə həmçinin – miqrasiya sənədi üzrə məlumatlar (nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, verilmə əsası).
Qeyd 1: Sözügedən sənədlər aidiyyəti orqanların altsistemə inteqrasiya etdiyi məlumatlar əsasında əldə olunur.
Bu məlumatları informasiya sistemlərindən əldə etmək mümkün olmadıqda həmin sənədlərin təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında aidiyyəti orqandan tələb olunur və ya vətəndaş tərəfindən təmin olunur.
Qeyd 2: Övladlığagötürmənin uşağın mənafeyinə uyğun olmasını müəyyənləşdirmək məqsədi ilə valideyn-namizəd, ailə üzvləri, habelə onlarla birgə yaşayan şəxslərin razılığı ilə onların barəsində əlavə sənədlər və məlumatlar əldə edilə bilər.
Valideyn-namizədlə müsahibə keçirilməsi
Valideyn-namizəd “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na uyğun olaraq uçota alındıqdan sonra 10 (on) iş günü müddətində sosial işçi valideyn-namizədlə onun yaşayış yerində müsahibə keçirir.
Müsahibə zamanı valideynlərlə iş üzrə sosial işçi valideyn-namizədin həyat şəraiti, maraqları, ailə tərkibi (ailə üzvlərinin sayı, o cümlədən ailədə olan uşaqların yaşı və cinsi) barədə məlumatları, habelə ailə üzvlərinin övladlığagötürməyə münasibətini öyrənir, eyni zamanda, övladlığagötürmə ilə bağlı valideyn-namizədi məlumatlandırır və müsahibənin nəticələrinə dair 2 (iki) iş günü müddətində ilkin qiymətləndirmə rəyi hazırlayıb altsistemə daxil edir.
Valideyn-namizədin maddi-məişət şəraitinin müayinəsi
Müsahibə başa çatdıqdan sonra uşaqlarla iş üzrə sosial işçi valideyn-namizədin maddi-məişət şəraitini uşağın mənafeyinə uyğunluq baxımından müayinə edir. Müayinənin nəticəsinə dair bu Qaydaya Əlavədə müəyyən edilmiş formaya uyğun olaraq, valideyn-namizəd və uşaqlarla iş üzrə sosial işçi tərəfindən imzalanmaqla akt tərtib edilir və uşaqlarla iş üzrə sosial işçi həmin gün ərzində aktı altsistemə daxil edir. Müayinənin nəticələrinə əsasən valideyn-namizədin maddi-məişət şəraiti uşağın mənafeyinə uyğun hesab edilmədikdə, valideyn-namizəd 1 (bir) ay müddətində aktda qeyd olunan nöqsanları aradan qaldırmaqla maddi-məişət şəraitinin müayinəsi üçün təkrar müraciət etmək hüququna malikdir.
Valideyn-namizədin təlimlərə cəlb edilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn-namizədlə "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi" qaydasının 5-ci hissəsinə uyğun olaraq aparılan müsahibəyə dair sosial işçilərin ilkin qiymətləndirmə rəyi və maddi-məişət şəraitinin müayinəsinin nəticələrinə dair akt əsasında 3 (üç) iş günü müddətində müsahibənin nəticələrinə dair qərar qəbul edir. Müsahibədən keçmiş valideyn-namizəd 10 (on) iş günü müddətində Nazirliyin təşkil etdiyi, müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilir. Təlimin mövzularını və proqramlarını Nazirlik hazırlayır.
Təlimin sonunda valideyn-namizədin aşağıdakı meyarlar üzrə qiymətləndirilməsi aparılır və qiymətləndirmənin nəticələrinə dair hesabat tərtib edilir:
övladlığagötürmə ilə bağlı valideyn-namizəddə özünəinam və özünüdərk səviyyəsi; valideyn-namizədin övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma səviyyəsi; övladlığagötürmə ilə bağlı valideyn-namizədin motivasiyası; valideyn-namizədin valideynlik bacarıqlarının inkişaf səviyyəsi; valideyn-namizədin övladlığa götürülən uşağın tərbiyəsi zamanı yarana biləcək problemlərin həlli ilə bağlı qərar qəbul etmək bacarığı.
Təlimdən keçmiş valideyn-namizəd, övladlığagötürmə ilə bağlı təkrar müraciət etdikdə, övladlığagötürmənin təlim mərhələsindən azad olunur.
Qeyd: Öz ölkəsində övladlığa götürmə ilə bağlı təlim keçməsi barədə təsdiqedici sənəd (sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təlimlərə cəlb edilmirlər.
Qeyd: Təlimlərdə iştirak məcburidir.
Valideyn-namizədə uyğun uşağın seçilməsi və onların görüşlərinin təşkili
Təlimin nəticələri müsbət qiymətləndirildikdə, valideyn-namizədin istək və mənafeyi, eləcə də Ailə Məcəlləsinin 121.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, altsistem övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçir və Nazirlik 5 (beş) iş günü müddətində uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir.
Övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşağın seçimi zamanı Ailə Məcəlləsinin 121.3-cü maddəsinə uyğun olaraq azı 3 (üç) il nikahda olan (yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 (bir) il) Azərbaycan Respublikasının vətəndaşlarına və azı 5 (beş) il müddətində nikahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə yaşı 55-dək olan şəxslərə üstünlük verilir.
Valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla görüşü təşkil edilir.
Qeyd: Azərbaycan Respublikasından kənarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 həftə ərzində ümumilikdə 40 saat müddətində müəssisələrdə uşaqlarla görüş keçirməlidirlər. Bu müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısalda bilər.
Uşağın yerləşdirildiyi müəssisə valideyn-namizədin uşaqla görüşünün keçirilməsinə və sosial işçilərin öz vəzifələrini yerinə yetirməsinə lazımi şərait yaratmalıdır.
Uşağın valideyn-namizədin evində sınaq müddətinə müvəqqəti yerləşdirilməsi
Uşaqla valideyn-namizədin görüşlərinin nəticəsinə uyğun olaraq uşaq valideyn-namizədin evində 3 (üç) ay sınaq müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə valideyn-namizəd arasında bağlanmış müqavilə əsasında müvəqqəti yerləşdirilir.
Övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi
Nazirlik sınaq müddətinin sonunda övladlığagötürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 (yeddi) iş günü müddətində rəy hazırlayır.
Rəyin hazırlanmasında övladlığagötürmə mərhələləri ilə bağlı sosial işçilərin hazırladıqları hesabatlar (rəylər), valideyn-namizədin təlim nəticələri, eləcə də övladlığa götürülən uşaqların istək və mənafeləri nəzərə alınır.
Rəy övladlığagötürmə ilə bağlı məhkəməyə müraciət edən şəxsin ərizəsinə əlavə olunur.
Övladlığagötürmədən sonra monitorinqlərin keçirilməsi
Övladlığagötürmə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra uşaq 18 yaşına çatana qədər ilk ildə hər rüb, növbəti illərdə isə ildə 1 dəfə olmaqla həyata keçirilir.