Övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparır:
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi; Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi kredit büroları.
Övladlığagötürmə prosesində valideyn-namizədlərin uçotu üçün hansı sənəd və məlumatlar tələb olunur?
Valideyn-namizədin özü və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərin ərizəsi (notariat orqanı tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş); Valideyn-namizədlər barədə fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer (ünvan), vətəndaşlığı) Özü və onunla birgə yaşayan şəxslər haqqında övladlığa imkan verməyən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sağlamlıq haqqında arayışı; ailə vəziyyəti barədə məlumat (nikah və ya nikahın pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi); İş yeri (o cümlədən vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat (o cümlədən, son 12 aylıq dövr üçün bank hesabından çıxarış); Mülkiyyətində olan daşınmaz əmlaklar, o cümlədən nəqliyyat vasitələri barədə məlumat; Məhkumluq haqqında məlumat (məhkum olunma tarixi, cəzanın növü, müddəti, azad edilmə tarixi, azad edilmə üçün əsas); Aliment, kredit və digər öhdəlikləri barədə məlumat; Öz qohumunu (bacısı, qardaşı, nəvəsi, qardaşının və ya bacısının övladı, valideynlərinin bacısı və ya qardaşının övladları) övladlığa götürdükdə - qohumluq əlaqələrinin təsdiqi barədə məlumat (doğum haqqında şəhadətnamənin surəti); Əcnəbilərə və vətəndaşlığı olmayanlara münasibətdə həmçinin – miqrasiya sənədi üzrə məlumatlar (nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, verilmə əsası).
Qeyd 1: Sözügedən sənədlər aidiyyəti orqanların altsistemə inteqrasiya etdiyi məlumatlar əsasında əldə olunur.
Bu məlumatları informasiya sistemlərindən əldə etmək mümkün olmadıqda həmin sənədlərin təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında aidiyyəti orqandan tələb olunur və ya vətəndaş tərəfindən təmin olunur.
Qeyd 2: Övladlığagötürmənin uşağın mənafeyinə uyğun olmasını müəyyənləşdirmək məqsədi ilə valideyn-namizəd, ailə üzvləri, habelə onlarla birgə yaşayan şəxslərin razılığı ilə onların barəsində əlavə sənədlər və məlumatlar əldə edilə bilər.