“Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə 1 noyabr, 2022-ci il tarixindən etibarən “Himayədar ailə” qayğı modeli ilə bağlı səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Himayədar ailə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan, öz bioloji ailəsində qalması mümkün olmayan uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla, müqavilə əsasında ailə mühitində böyüməsini təmin edən ailə əsaslı alternativ qayğı növüdür. Himayədar ailə qayğı modelinin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb tərbiyə almasının təmin edilməsidir. Bu modelin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
• ailə əsaslı alternativ qayğı növüdür;
• ödənişli xidmət növüdür;
• müvəqqəti xarakter daşıyır;
• uşaq ailənin varisi sayılmır.
Üstünlükləri isə bunlardır:
Valideyn himayəsindən məhrum olmuş uşaqların hər birinə:
• fərdi yanaşma;
• ailə mühitində yaşama imkanın verilməsi;
• fiziki, emosional, psixi-sosial inkişafına, cəmiyyətə inteqrasiyasına şərait yaradılması.
Himayədar valideynlər müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanmasını və təhsil almasını təmin edir, onların sağlamlığının, fiziki və əqli inkişafının qeydinə qalaraq ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.
Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı vardır. Bunların təmin edilməsi valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Bizim məqsədimiz himayədar ailələri müsahibədə düzgün qiymətləndirib uşağın mənafeyi baxımından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.
"Himayədar ailə" qayğı modeli üzrə müraciət və xidmətlərin idarə edilməsi övladlığagötürmədə olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi üzərindən həyata keçirilir. Himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu altsistem vasitəsilə elektron qaydada aparılır.