Himayədar ailə (himayədar valdeyn) olmaq istəyən şəxslər onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə istənilən notariat orqanına müraciət edir və himayədar ailə olma ilə bağlı ərizə yazır.
Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən himayədar ailə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsistemi”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.
Şəxsi kabineti yaratmaq üçün istifadəçilər ASAN Loginə sahib olmalıdırlar. ASAN Login əldə etmək üçün lazımdır:
-
- Vətəndaş asan mobil nömrə almaq üçün müraciət edir (azercell,bakcell,nar mobile) və yaxud öz adına olan mobil nömrənin asan dublikatını çıxardır;
- Həmin asan nömrə ilə bağlı müqaviləsi və şəxsiyyət vəsiqəsi ilə birgə ASAN Xidmət mərkəzində Vergilər pəncərəsinə yaxınlaşır və asan imza sertifikatı əldə edir;
- E-sosial.az saytına daxil olub, asan imza ilə qeydiyyatdan keç bölməsini seçir;
- Asan nömrəsinə SMS vasitəsilə gələn kodu daxil etməklə qeydiyyatdan keçir.
Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən himayədar valideyn olmaq istəyən şəxs(lər) tərəfindən “Övladlığa götürməyə, himayədar ailə olmağa, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-cil 15 avqust tarixli 141 nömrəli Qərarı ilə müəyyən edilmiş xəstəliklərdən olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizəd(lər)in (və onunla birgə eyni ünvanda yaşayan şəxsin) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər.
Valideyn-namizəd(lər) və onlarla birgə eyni ünvanda yaşayan şəxs(lər) tibbi müayinələrdən keçmək üçün ölkə üzrə müəyyən edilmiş tibb müəssisələrində müayinələrdən keçə bilərlər:
1. Bakı şəhər qeydiyyatında olan şəxslər - 5 nömrəli şəhər Poliklinikasında;
2. Digər şəhər/rayon qeydiyyatında olan valideyn-namizədlər Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından əlavə olaraq TƏBİB tərəfindən ayrılmış aşağıdakı xəstəxanalara müraciət edə bilərlər;
3.Gəncə şəhər birləşmiş xəstəxanası PHŞ;
4.Lənkəran rayon mərkəzi xəstəxanası PHŞ;
5.Şəki rayon mərkəzi xəstəxanası PHŞ.