Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən az 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə – sığorta ödənişi 3 ay müddətinə minimum sığorta ödənişi məbləğində təyin olunur. (Minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur).
Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə, 70-ci maddəsinin “a” və “b” bəndlərinə, 74-cü maddəsinin 1-ci hissəsinin "b" və "ə" bəndlərinə və “Dövlət qulluğu haqqında” Qanunun müvafiq olaraq 33.1.2 və 33.1.3 maddələrinə əsasən işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - 6 ay müddətinə əsas sığorta ödənişi sığorta stajından asılı olmayaraq, şəxslərin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
- ilk 2 təqvim ayı üçün – 100 faiz;
- 3–4-cü təqvim ayları üçün – 80 faiz;
- 5–6-cı təqvim ayları üçün – 70 faiz.
Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə, 70-ci maddəsinin “a” və “b” bəndlərinə, 74-cü maddəsinin 1-ci hissəsinin "b" və "ə" bəndlərinə və “Dövlət qulluğu haqqında” Qanunun müvafiq olaraq 33.1.2 və 33.1.3 maddələrinə işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - sığorta ödənişi 6 ay müddətinə minimum sığorta ödənişi məbləğində təyin olunur.
Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.