Avtomobillə təminat

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci maddəsinə əsasən aşağıda qeyd olunan imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər:

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
  2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
  3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər
  4.  Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər

Yuxarıda göstərilən imtiyazlı şəxslər barəsində Nazirliyin tabeliyndə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin minik avtomobilinə təyinatla bağlı müvafiq rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik qaydasında avtomobillə təmin edilirlər.

Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.14-cü yarımbəndinə əsasən pulsuz avtomobil almış əlilliyi olan şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş minik avtomobilinin mülkiyyətə keçirilməsi ilə əlaqədar aşağıdakı sənədlərin təqdim edilməsi xahiş olunur:

  1. minik avtomobilini almış imtiyazlı şəxsin notariat qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnaməsinin surəti;
  2. minik avtomobilinin qeydiyyat şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surəti;
  3. minik avtomobilini mülkiyyətinə keçirəcək varisin yazılı müraciəti və şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surəti;
  4. vəfat etmiş şəxsin varislərinin adlı siyahısı (təsdiq olunmuş arayış formasında), yazılı müraciətləri və şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq edilmiş surəti.

Yuxarıda göstərilən qərarla qaydanın 3.9-cu yarımbəndinə əsasən əlilliyi olan şəxslər avtomobili satmaq va bağışlamaq hüququna malik deyillər. Minik avtomobilini idarə etmək hüququ həm əlilliyi olan şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində birgə yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə əsasən pulsuz olaraq verilmiş minik avtomobilinə birgə yaşayan ailə üzvü tərəfindən idarə etmək hüququnun verilməsi üçün aşağıdakı sənədlər Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim olunmalıdır:

  1. pulsuz avtomobil almış əlilliyi olan şəxsin şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surəti;
  2. avtomobilin qeydiyyat şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surəti;
  3. idarə etmək hüququ verilən şəxsin şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surəti;
  4. idarə etmək hüququ verilən şəxsin sürücülük vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surəti;
  5. hər iki şəxsin yaşayış yerindən arayış;
  6. pulsuz minik avtomobili almış imtiyazlı şəxsin ərizəsi.