Yaşa görə əmək pensiyası

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

 

Dövr

Kişilər üzrə pensiya yaşı

Qadınlar üzrə pensiya yaşı

1 iyul 2017 – 30 iyun 2018

63 il 6 ay

60 il 6 ay

1 iyul 2018 – 30 iyun 2019

64 il

61 il

1 iyul 2019 – 30 iyun 2020

64 il 6 ay

61 il 6 ay

1 iyul 2020 – 30 iyun 2021

65 il

62 il

1 iyul 2021 – 30 iyun 2022

65 il

62 il 6 ay

1 iyul 2022 – 30 iyun 2023

65 il

63 il

1 iyul 2023 – 30 iyun 2024

65 il

63 il 6 ay

1 iyul 2024 – 30 iyun 2025

65 il

64 il

1 iyul 2025 – 30 iyun 2026

65 il

64 il 6 ay

1 iyul 2026 və sonra

65 il

65 il

 

Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin pensiyanın sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (“Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılmışdır. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.

Pensiya təyinatının avtomatlaşdırılması tədbiri 2019-cu il üçün pensiya hüququ yaranacaq şəxslərdən 70 faizini (36 min insan) əhatə edəcək.

Pensiya təyinatının avtomatlaşdırılması hələ ki, mümkün olmayan digər 30 faiz şəxslərin sırasına aiddir:

  • “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsindəki (güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar)
  • “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s.)

2019-cu il ərzində həmin kateqoriyadan olan vətəndaşların pensiya təyinatının avtomatlaşdırılması üçün həm qanunvericilikdə, həm də aidiyyəti qurumlarla birgə elektron proqram təminatının qurulması istiqamətində işlər aparılacaq.