Ümumi məlumat

Azərbaycan Respublikasının vətəndaşlarına  və Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla pensiya “Əmək pensiyaları haqqında” Qanuna əsasən təyin edilir və ödənilir.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanununda nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 25 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir.

Əmək pensiyası üç növdə müəyyənləşdirilib:

yaşa görə əmək pensiyası;

əlilliyə görə əmək pensiyası;

ailə başçısını itirməyə görə əmək pensiyası.

Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır.

Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə əmək pensiyasının sığorta hissəsinə əlavələr və qulluq stajına görə əmək pensiyasına əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

Yaşa görə əmək pensiyası və əlilliyə görə əmək pensiyası sığorta və yığım hissəsindən ibarətdir.

Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.

Əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.

Ailə başçısını itirməyə görə əmək pensiyası yalnız sığorta hissəsindən ibarətdir.