Ümumi şöbə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının struktur bölməsi olan Ümumi şöbə (bundan sonra - şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra – Nazirliyin strukturları) fəaliyyəti ilə bağlı kargüzarlıq, sənəd dövriyyəsi, arxiv və vətandaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respulikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni və digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarınıƏmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (bundan sonra – nazir) əmr və sərancamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Şöbənin “Ümumi Şöbə” yazılmış möhürü vardır.