Ünvanlı dövlət sosial yardımına müraciət etmək qaydası

  1. ÜDSY üçün müraciət edilməsi:

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün aşağıdakı sənədləri əldə etməlidir:

  • Yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı;
  • Həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə.

Təmsilçi kompüter və ya mobil telefonlardan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş VEMTAS pəncərəsinə və ya elekron hökumət portalında (www.e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri siyahısında  “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) müraciət edir.

Müraciət qeydiyyata alındıqdan sonra komputerin ekranına VEMTAS tərəfindən bu barədə məlumat göndərilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.

  1. Vətəndaşlar tərəfindən “Ərizə-bəyannamə” doldurulan zaman diqqət edilməli məqamlar:
  • Ailə tərkibinin düzgün göstərilməsi;
  • Yaşadığı ünvanın düzgün göstərilməsi;
  • Ailənin bütün növ gəlirləri və əmlakının dəqiq bəyan edilməsi;
  • Müraciətdən əvvəl 12 ay ərzində kredit götürülübsə, bu barədə mütləq şəkildə məlumat verilməsi;
  • Torpaq pay mülkiyyəti olduqda, bu barədə mütləq şəkildə məlumat verilməsi və sığortaedənin uçot nömrəsinin (SUN) göstərilməsi;
  • Qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərclərin dəqiq bəyan edilməsi.
  1. ÜDSY-nin təyin olunması və təyin olunmasından imtina edilməsi barədə:

ÜDSY-nin alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir.

VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların elektron qaydada yoxlanılması həyata keçirilir.

Məlumatlarda uyğunsuzluq olduqda, ÜDSY-nin təyin olunmasından imtina edilir, uyğunsuzluq olmadıqda, VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin  müayinəsinin (maddi-məişət şəraitinin müayinəsi dedikdə, Təmsilçinin “Ərizə-bəyannamə”də daxil etdiyi məlumatların DSMF-nin yerli şöbəsinin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən Təmsilçinin evində yoxlanılması nəzərdə tutulur) aparılması barədə tapşırıq göndərilir.

DSMF-nin yerli şöbəsinin ünvanlı sosial yardım üzrə işçisi ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirir və nəticələrini VEMTAS-a ötürür.

“Ərizə-bəyannamə”də göstərilən məlumatlar maddi-məişət şəraitinin müayinəsində öz təsdiqini taparsa, VEMTAS tərəfindən ailəyə ÜDSY-nin təyin olunması barədə, öz təsdiqini tapmadıqda isə ÜDSY-nin təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır.

ÜDSY onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

  1. ÜDSY təyin olunmasından imtina edilməsi:

Aşağıdakı hallarda ÜDSY-nin təyin olunmasından imtina edilir:

  •  “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların VEMTAS üzərindən və ya  maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq olduqda;
  • ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;
  • ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (2018-ci il üçün 173 manat müəyyən edilmişdir) 12 mislindən çox, yəni 173*12=2076 manat məbləğində alqı-satqı etdikdə;
  • Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
  • Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);
  • Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun (hazırda bu məbləğ 173 manat təşkil edir) 10 faizindən, yəni 173*0.1=17.3 manatdan çox olduqda.

Misal: adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 17.3 manat olduğundan, 5 nəfərlik ailədə bu rəqəm 17.3*5=86.5 manat təşkil edəcək;

  • Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
  1. ÜDSY-nin verilməsi və verilməsinin dayandırılması barədə:

ÜDSY ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir.

ÜDSY almaq hüququna baxılması zamanı ailənin tərkibi, əmlakı və gəliri haqqında məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, ÜDSY-nin verilməsi həmin gündən dayandırılır və həmin ailə 1  il müddətinə sosial yardım almaq hüququnu itirir.

ÜDSY-nin verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə, ünvanlı dövlət sosial yardımı alan ailə bu barədə elektron formada VEMTAS-a və ya DSMF-nin rayon (şəhər) şöbəsinə 5  iş günü müddətində məlumat verməlidir.

Misal: ÜDSY təyin edilmiş ailə aşağıdakılar barədə məlumat verməlidir:

  • ailə üzvlərindən hər hansı biri kredit götürdükdə;
  • işləyən ailə üzvlərinin əmək haqları dəyişdikdə;
  • işləyən ailə üzvlərindən hər hansı biri işdən çıxdıqda;
  • işləməyən ailə üzvlərindən hər hansı biri işə düzəldikdə;
  • uşaq doğulduqda;
  • ailə üzvlərindən hər hansı biri vəfat etdikdə;
  • ailə üzvlərindən hər hansı biri digər ünvana köçdükdə.
  1. ÜDSY təyin edilmiş ailələr arasında mütəmadi monitorinqin keçirilməsi:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tərəfindən şəhər və rayonlar üzrə seçmə qaydada monitorinq keçirilir. Əgər Nazirliyin nümayəndələri tərəfindən ÜDSY-nin verilməsinin dayandırılmasına (5-ci hissədə sadalanan hallar) səbəb ola biləcək hallar aşkar edildikdə, həmin ailəyə təyin edilmiş ÜDSY dayandırılır və ailənin ÜDSY-nin alınması üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır. ÜDSY-nin dayandırılmasına səbəb olan hallar baş verdiyi tarixdən sonra ÜDSY-nin artıq ödənilmiş hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinə qaytarılır.