Proqramda iştirak etmək qaydaları

Özünüməşğulluq proqramında iştirak bir neçə mərhələdən ibarətdir.

İlk növbədə,  iştirak etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (şəhər, rayon məşğulluq mərkəzlərində) qeydiyyata dayanmaq lazımdır.

Nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur və biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilirlər.

Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onlar aktivlərlə təmin olunurlar. Bu aktivlər natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında verilir.

Aktivlər verildikdən sonra da proqram iştirakçılarına biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin edilir və özünüməşğulluq fəaliyyətinin 2 il ərzində monitorinqi aparılır.

Müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.