“Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 206 nömrəli Qərarı

"Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması Qaydası" təsdiq edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ

Bakı şəhəri, 19 dekabr 2011-ci il
№ 206

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 19 dekabr
tarixli 206 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması

QAYDASI

1. Bu Qayda "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1058-IIIQ nömrəli Qanununun 16.3-cü maddəsinə əsasən hazırlanmışdır və məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması qaydasını müəyyən edir.
2. Bu Qayda törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə kimi cəzalara məhkum olunmuş şəxslərə, açıq və qapalı category_idli xüsusi təlim-tərbiyə, tibbi-tərbiyə müəssisələrində yerləşdirilmiş yetkinlik yaşına çatmayan şəxslərə şamil edilmir.
3. Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması məişət zorakılığının qarşısının alınması, ailələrdə normal münasibətlərin yaradılması, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılması məqsədlərini daşıyır.
4. Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı iş yerli icra hakimiyyəti orqanları tərəfindən aparılır.
5. Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması üçün məişət zorakılığı halları ilə bağlı araşdırma aparmış cinayət təqibi və yerli icra hakimiyyəti orqanları tərəfindən belə şəxslər barədə onların yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına məlumat göndərilir.
6. Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi barədə həmin şəxslərə məlumat verilir.
7. Məişət zorakılığı törətmiş şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılmasına psixoloqlar, pedaqoqlar və digər mütəxəssislər, habelə qeyri-hökumət təşkilatları cəlb olunurlar.
8. Məişət zorakılığı törətmiş şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılmasında bədii ədəbiyyatdan, mətbuat vasitələrindən, radio - televiziyadan, təbliğat və təşviqat vasitələrindən istifadə oluna bilər. Məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi nəticəsində metodik vəsaitlər, məişət zorakılığının qarşısının alınmasına yönəldilmiş tövsiyələr, proqramlar hazırlanır, maarifləndirmə tədbirləri təşkil olunurlar.
9. Məişət zorakılığı törətmiş şəxslərlə tərbiyəvi-qabaqlayıcı iş qrup və fərdi şəkildə pedaqoji və psixoloji metodlardan istifadə edilməklə aparılır.
10. Qrup şəklində tərbiyəvi-qabaqlayıcı iş məşğələ, mühazirə, iclas, disput, özfəaliyyət dərnəkləri və digər formalarda təşkil oluna bilər.
11. Fərdi tərbiyəvi-qabaqlayıcı iş aşağıdakı qaydada aparılır:
11.1. məişət zorakılığı törətmiş şəxsin sosial-psixoloji vəziyyətinin öyrənilməsi;
11.2. fərdi pedaqoji və psixoloji təsiretmə vasitələrinin seçilməsi və tətbiq edilməsi;
11.3. tərbiyəvi xarakterli söhbətlərin aparılması;
11.4. tərbiyəvi xarakterli tapşırıqların və tövsiyələrin verilməsi;
11.5. məişət zorakılığı törətmiş şəxsin davranışına, verilən tapşırıq və tövsiyələrin yerinə yetirilməsinə nəzarət edilməsi, ailəyə münasibətinin öyrənilməsi.
12. Məişət zorakılığı törətmiş şəxslərlə tərbiyəvi-qabaqlayıcı iş hər bir şəxs üçün tərtib edilmiş fərdi plan əsasında həyata keçirilir. Fərdi plan tərtib olunduqda, aşağıdakılar nəzərə alınır:
12.1. məişət zorakılığı törətmiş şəxsin fərdi xüsusiyyətləri (təhsili, peşəsi, marağı, bacarığı);
12.2. məişət zorakılığının törədilməsinin səbəbi, şəraiti, törədilən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi;
12.3. məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxslə və "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi digər şəxslərlə münasibəti;
12.4. məişət zorakılığı törətmiş şəxsin yaşayış və iş yeri, ailə vəziyyəti.
13. Məişət zorakılığı törətmiş şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin nəticələri yerli icra hakimiyyəti orqanlarında fərdi dəftərdə hər ay qeyd edilir.
14. Məişət zorakılığı törətmiş şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aparılan profilaktik işlə uzlaşdırılır.