Beynəlxalq Əlilliyi olan Şəxslər gününə həsr olunmuş "DOSTtalks" tәdbiri keçirilib

Bakı Konqres Mərkəzində 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “DOSTtalks” adlı tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin təşkilatçılığı və Bakı Konqres Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə müxtəlif qurumlar, o cümlədən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai-siyasi şəxslər iştirak ediblər.

DOST Agentliyinin təşkil etdiyi tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb.

O, sosial sahədə mühüm nailiyyətlərdən olan DOST layihəsinin dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərində, vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında  təqdim olunmasına imkan verdiyini vurğulayıb.

A.Əliyev əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Nazir müavini “DOSTtalks” adlı tədbirin önəmini qeyd edib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına və bu sahədə onların motivasiyasının, özünəinam hissinin artırılmasına, bacarıqlarının üzə çıxarılmasına, digər tərəfdən asudə vaxtlarının səmərəli keçməsinə dəstək məqsədi daşıyır.

Millət vəkili Qənirə Paşayeva Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. O, qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar geniş miqyas alıb. Bu cür tədbirlərin əlilliyi olan şəxslərə böyük stimul verdiyini diqqətə çatdıran Q.Paşayeva “DOSTtalks”un təşkilində əməyi olan insanlara təşəkkür edib.

Sonra müxtəlif sahələri təmsil edən əlilliyi olan spikerlərin çıxışlarıı dinlənilib. İlham Zəkiyev, Elman Süleymanov, Mətanət Qüdsi, Amid Həsənquliyev, Mirzə Məmmədvəliyev, Elnur Eyvazov, Zəhra Həsənova, Vüsalə Kərimli, Samir Pənəliyev və Kamil Musəvi öz hәyatları barədə məlumat verәrәk uğur hekayələrini bölüşüblər.

Tədbirdə “Danceability rəqs qrupu” vә Bakı şəhəri, Nərimanov rayonu 5 nömrəli internat məktəbi, Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbinin xor dәrnәyi dә çıxış ediblәr.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, spikerlərə təşəkkürnamələr təqdim edib.