Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Tehranda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında görüş olub.  

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyi vurğulanıb. İkitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi, bu əsasda sosial sahədə də əməkdaşlığın inkişafı üçün mühüm işlərin aparıldığı qeyd edilib. Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatlar barədə məlumatlar verilib. Bu islahatlar prosesində Azərbaycan və İranın müvafiq nazirliklərinin ikitərəfli əməkdaşlığının əhəmiyyətindən bəhs olunub.

Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıqdan, həyata keçirilən təcrübə mübadilələrindən bəhs edilib. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin əlaqələrin inkişafında  mühüm rol oynayacağı vurğulanıb.