Peşə hazırlığı

Peşə hazırlığı – işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil alması deməkdir.

Məşğulluq mərkəzlərində qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərin peşə hazırlığı məşğulluq mərkəzinin göndərişi ilə aşağıdakı hallarda həyata keçirilir:

  • işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;

  • işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.

İşsiz şəxslərin peşə hazırlığı məşğulluq mərkəzi tərəfindən ödənişsiz təşkil olunur. İşaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar.

Peşə hazırlığının təşkili zamanı “Məşğulluq haqqında” Qanununun 6.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, yəni 3 ildən artıq işləməyənlər və ya peşəsi (ixtisası) olmayanlar üstün hüquqa malikdirlər.

Məşğulluq mərkəzinin göndərişi ilə peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.

İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.