Məşğulluq siyasəti və demoqrafiya şöbəsi

Azərbaycan Republikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının struktur bölməsi olan Məşğulluq siyasəti və demoqrafiya şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasında məşğulluq, demoqrafiya və əhali sakinliyi, peşə standartlarının hazırlanması və tətbiqi, əmək miqrasiyası və formal məşğulluğun təşviqi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu sahədə aidiyyəti üzrə həyata keçirilən işləri əlaqələndirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.