Əlilliyi olan şəxslər barədə ümumi məlumat

Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir.

Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti, əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi, əlillərin sosial müdafiə tədbirlərinə ehtiyacların müəyyən edilməsi tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Əlillik səbəbləri ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilir.

BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"sı üzrə Azərbaycan Respublikası Hökumətinin birləşdirilmiş ikinci və üçüncü hesabatı