Əlillik siyasəti şöbəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının struktur bölməsi olan Əlillik siyasəti şöbəsi (bundan sonra – şöbə) əlillik və reabilitasiya sahəsində (müvafiq sahədə) qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, qanunvericiliyin tətbiqi, müvafiq sahə üzrə siyasətin müəyyənləşdirilməsi, bu istiqamətdə araşdırmaların və təhlillərin aparılması, əlilliklə əlaqədar risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərə dair təkliflərin hazırlanması istiqamətində tədbirləri və tənzimləməni  həyata keçirir, müvafiq sahədə fəaliyyətin səmərəliliyinə, dövlət xidmətlərinin keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılmasına nəzarət edir. 

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası"nı və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə“ni və digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını (bundan sonra təşkilati-sərəncamverici sənədlər), Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirinin (bundan sonra – Nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.