Font ölçüsü


Arxa fon rəngi


Şəkilləri gizlət


Mətnlər arası məsafə




Əfqanıstan İslam Respublikası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə
Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər
Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında 2015-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
 


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 yanvar 2016-cı il
                  № 744
 

 


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə
Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər
Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq
haqqında


 ANLAŞMA MEMORANDUMU


 
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi,
hər iki ölkənin xalqlarının sosial rifahının yaxşılaşdırılması istəklərini rəhbər tutaraq,
əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığın inkişaf etdirilməsini və gücləndirilməsini arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
 
Maddə 1
 
Bu Anlaşma Memorandumu Tərəflər arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində təcrübə və bilik mübadiləsinin çərçivəsini müəyyən edir.
 
Maddə 2
 
Tərəflər aşağıdakı sahələrdə qanunvericilik və ona edilən düzəlişlər üzrə təcrübə mübadiləsi vasitəsilə əməkdaşlıq edirlər:
- əmək fəaliyyəti, əmək qanunvericiliyi, əmək müqavilələri, kollektiv əmək müqavilələri, əmək mübahisələrinin həlli, uşaq əməyinin aradan qaldırılması, işçi və işəgötürən münasibətləri, ictimai təşkilatlar, işçi və işəgötürən təşkilatlar arasında münasibətlər;
- əməyin mühafizəsi və sağlamlığı;
- əməyin təftişi, yeni təftiş modelləri və qabaqlayıcı təftiş anlayışlarının yayılması;
- əmək, məşğulluq siyasətləri və əmək bazarının vəziyyətinin monitorinqi, əlilliyi olan şəxslər üçün peşə reabilitasiyası, özəl və dövlət məşğulluq mərkəzlərinin iş metodları, işsiz və işaxtaranların işlə təmin olunmasına yardım, peşə təlimi və peşəyönümü;
- əmək fəaliyyəti sahəsində əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq;
- milli peşə Standartlarının müəyyənləşdirilməsi və peşə bacarıqlarının inkişafı;
- sosial müdafiənin təşkili;
- əmək bazarı üzrə tədqiqatlar;
- Əmək Bazarı İnformasiya Sisteminin (ƏBİS) yaradılması.
 
Maddə 3
 
Tərəflər bu Anlaşma Memorandumunun yerinə yetirilməsinin monitorinqinin aparılması və əməkdaşlıqla bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə birgə işçi qrupun yaradılması barədə qərar qəbul edirlər.
Birgə işçi qrup, zərurət olduqda, qarşılıqlı razılaşdırılmış tarixlərdə toplanır.
 
Maddə 4
 
Tərəflər hər ilin dekabr ayının sonunadək bu Anlaşma Memorandumunun 2-ci maddəsində qeyd olunan təcrübə mübadiləsi ilə bağlı növbəti ilin fəaliyyət proqramının müəyyənləşdirilməsini asanlaşdırmaq üçün bir-birini nümayəndə heyətlərinin sayı və səfərin proqramı haqqında məlumatlandırırlar.
 
Maddə 5
 
Təcrübə mübadiləsi çərçivəsində nümayəndə heyətlərinin səfərləri ilə bağlı qalma, yemək və səyahət xərclərini göndərən Tərəf ödəyir.
 
Maddə 6
 
Bu Anlaşma Memorandumunun tətbiqi və ya təfsiri ilə bağlı yarana biləcək istənilən fikir ayrılıqları Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
 
Maddə 7
 
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsini təşkil edən və 8-ci maddəsi ilə müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
 
Maddə 8
 
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu 1 (bir) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə 3 (üç) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti 1 (bir) illik müddətlərə uzadılır.
Bu Anlaşma Memorandumunun ləğvi başlanılmış və ya davam edən fəaliyyətlərə və layihələrə təsir etmir.
Bu Anlaşma Memorandumu 22 dekabr 2015-ci il tarixində Bakı şəhərində, Azərbaycan, dari və ingilis dillərində olmaqla, 2 (iki) əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun müddəalarının təfsiri ilə bağlı hər hansı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
 
        Azərbaycan Respublikasının Əmək                                                             Əfqanıstan İslam Respublikasının
          və Əhalinin Sosial Müdafiəsi                                                                    Əmək, Sosial İşlər, Şəhid və Əlillər
                   Nazirliyi adından                                                                                     Nazirliyi adından
                         (imza)                                                                                                  (imza)